"MDB ölkələrinin Gənclər Düşərgəsi" keçiriləcək
23 Avqust 2025

Son müraciət tarixi: 23 Avqust 2025
MDB-yə üzv dövlətlərin Humanitar əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhəri 2025-ci il “MDB-nin Mədəniyyət Paytaxtı” elan edilib.
Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə 25-29 avqust 2025-ci il tarixlərində Laçın şəhərində “MDB ölkələrinin beynəlxalq kino günləri” və “MDB ölkələrinin Gənclər Düşərgəsi” keçiriləcək. Layihə 26 avqust - “Laçın şəhəri Günü”nə həsr olunacaq.
Layihədə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan nümayəndələr iştirak edəcəkdir.
Düşərgə çərçivəsində iştirakçılar yaradıcı sənaye sahələrində 4 mövzu üzrə işçi qruplarında müzakirələr aparacaq, birgə layihələrin ideyalarını hazırlayacaq və təqdim edəcəklər. Bununla yanaşı, gənclər üçün teatr, incəsənət və media yaradıcılığı sahələrində müxtəlif mövzularda masterklasslar da təşkil olunacaq. İşçi qruplarının fəaliyyəti nəticəsində MDB ölkələrinin gənclərinin əməkdaşlıq və birgə təşəbbüsləri üçün imkanlar yaradılacaqdır.
“MDB ölkələrinin beynəlxalq kino günləri” çərçivəsində iştirakçı ölkələrin filmlərinin nümayişi keçiriləcək. Ümumilikdə, hər ölkədən altyazılı 1 filmin nümayişi planlaşdırılır.