Maltanın paytaxtı Vallettada Gənclər üzrə məsul nazirlərin Avropa Şurasının 10-cu Konfransı keçirilib!
24 Oktyabr 2025
Maltanın paytaxtı Vallettada keçirilən Gənclər üzrə məsul nazirlərin Avropa Şurasının 10-cu Konfransında ölkəmizi gənclər və idman nazirinin müavini İndira Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Azərbaycanı tədbirdə təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli də yer alıb. O, ölkəmizin gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib və gənclərin diplomatiya, qərar qəbuletmə və beynəlxalq əməkdaşlıqda rolunun gücləndirilməsi mövzusunda fikir mübadiləsində iştirak edib.
Konfrans çərçivəsində yekun sənədin müzakirəsi məqsədilə yüksək səviyyəli rəsmilərin iclası baş tutub. Tədbirdə 44 ölkədən nazir və nazir müavini səviyyəsində nümayəndə heyətləri iştirak edib.
Konfransın yekununda “Gənclərin Perspektivinə dair Avropa Şurasının İstinad Çərçivəsi” sənədi qəbul olunub.
Konfrans çərçivəsində 7–10 oktyabr tarixlərində nümayəndə heyətinin üzvləri iştirakçı dövlətlərin səlahiyyətli rəsmilərinin görüşündə, gənclər mövzusuna həsr olunmuş bir sıra paralel tədbirlərdə və Malta Gənclər Agentliyində keçirilən görüşdə iştirak ediblər.